Britaniya Fələstini tanıyacağı ilə bağlı İsrailə xəbərdarlıq edib

Kir Starmer

Böyük Britaniya Fələstini tanıyacağı ilə bağlı İsrailə xəbərdarlıq edib. İyulun 29-da Böyük Britaniyanın baş naziri Kir Starmer bəyanatında bildirib ki, İsrail "Qəzzada dəhşətli vəziyyətə son qoymaq üçün əsaslı addımlar atmasa, Böyük Britaniya sentyabrda Fələstin dövlətini tanıyacaq".

Baş nazirin sözlərinə görə, İsrail atəşkəsə razılaşmaq, iki dövlətli həlli təmin edən uzunmüddətli davamlı sülhə dair öhdəlik götürmək və BMT-yə Qəzzaya yardım tədarükünü bərpa etməyə icazə vermək kimi digər şərtlərə də əməl etməlidir, əks halda Böyük Britaniya bu addımı sentyabrda BMT Baş Assambleyasında atacaq.

İsrailin baş naziri Benyamin Netanyahu isə Londonun bu planını tənqid edib. Netanyahu deyib ki, baş nazir Kir Starmer "HƏMAS-ın dəhşətli terrorunu mükafatlandırır və bu terrorun qurbanlarını cəzalandırır".

"Bu gün İsrailin sərhəddində olan cihadçı dövlət sabah Britaniyanı təhdid edəcək. Cihadçı terrorçulara qarşı güzəşt siyasəti həmişə uğursuzluqla nəticələnir. Bu, sizin üçün də uğursuz olacaq. Bu baş verməyəcək", - İsrail hökumət başçısı X platformasındakı paylaşımında bildirib.

ABŞ prezidenti Donald Tramp isə baş nazir Starmerin açıqlamasından əvvəl deyib ki, o, Şotlandiyada səfərdə olarkən Britaiya baş naziri ilə görüşündə Fələstin dövlətçiliyinin tanınması məsələsini onunla müzakirə etməyib.

Prezident Trampın sözlərinə görə, bu addım (Fələstinin tanınması) "HƏMAS-ı mükafatlandırmaq olardı". "Düşünürəm ki, onlar mükafatlandırılmamalıdr", - Tramp vurğulayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Brüs isə bildirib ki, baş nazir Starmerin planı "7 oktyabr qurbanlarının üzünə bir şillə"dir.

Fransa da BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasında Fələstin Dövlətini tanıyacağını bildirib. İsrail və ABŞ bu qərarı pisləyiblər.

Qəzzada döyüşlər 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailin cənubuna hücum edərək 250-dən çox insanı girov götürdüyü vaxtdan bəri davam edir. İsrailin Qəzza zolağında davam edən hərbi əməliyyatı isə on minlərlə sakinin ölümünə səbəb olub. Vaxt keçdikcə bir çox Qərb ölkələri bu əməliyyata görə İsraili daha çox tənqid etməyə başlayıb. Beynəlxalq Cinayət Məhkəməsi hətta HƏMAS-ın bir neçə komandiri ilə yanaşı, İsrailin baş naziri Benyamin Netanyahunun həbsi barədə order verib.

ABŞ prezidenti Donald Tramp iyulun 28-də Şotlandiyada səfərdə deyib ki, Qəzzada çox sayda insan aclıqdan əziyyət çəkir və ABŞ digər ölkələrlə birlikdə Qəzza əhalisinə daha çox humanitar yardım çatdırmaq üçün əməkdaşlıq edəcək.