İran hökuməti 'saxta xəbər' ilə bağlı mübahisəli qanun layihəsini geri çəkib

Arxiv fotosu

İran hökuməti saxta xəbərlərlə (fake news) mübarizə adı altında irəli sürülən və sərt tənqidlərə səbəb olan mübahisəli qanun layihəsini geri çəkib. Tənqidçilər bu qanunun İranda onsuz da məhdud olan ifadə azadlığını daha da boğacağını bildirirdi.

Hökumətin sözçüsü Fatimə Məhacirani iyulun 30-da X platformasındakı paylaşımında islahatçı prezident Məsud Pezeşkianın rəhbərlik etdiyi hökumətin “milli birliyi qorumaq məqsədilə” bu qanun layihəsini geri çəkdiyini elan edib.

22 maddədən ibarət qanun layihəsini hökumət və sərt xətt tərəfdarı olan məhkəmə sistemi hazırlayaraq ötən həftə parlamentə təqdim edib. Parlamentdə keçirilən səsvermədə 205 deputat layihənin sürətli qaydada baxılmasının lehinə, 49 deputat əleyhinə səs verib, 3 nəfər isə bitərəf qalıb.

Tənqidçilərin “boğucu qanun layihəsi” adlandırdığı sənəd siyasətçilər və vətəndaş cəmiyyəti qrupları arasında geniş müzakirələrə səbəb olub. Onlar bildirirlər ki, “ictimai rəyi çaşdırmaq” və ya “dövlət təhlükəsizliyinə qarşı məzmun” kimi qeyri-müəyyən ifadələr mətbuat azadlığı və legitim tənqidləri basqı altına almaq üçün sui-istifadə vasitəsinə çevrilə bilər.

Buna da bax: İran Suriyada mövqeyini saxlamaq üçün məzhəb toqquşmalarını qızışdıra bilərmi?

Hökumət üzvləri və ultrakonservativlər də daxil olmaqla qanun layihəsini dəstəkləyənlər bildirirlər ki, internetdə yanlış məlumatların sürətlə yayıldığı bir dövrdə bu qanun ictimai təhlükəsizliyi qorumaq və sabitliyi təmin etmək üçün vacibdir.

Onlar bu tədbirlərin milli təhlükəsizliyi və ictimai sabitliyi qorumaqdan ötrü zəruri olduğunu iddia edirlər.

Əgər qanun qəbul edilsəydi, “saxta xəbər yayanlar” 15 ilədək həbs cəzası ilə üzləşə bilərdi. Hüquqşünaslar hesab edirlər ki, bu, bəzi hallarda casusluq və ya adam oğurluğu kimi daha ciddi cinayətlərə verilən cəzalardan da sərtdir.

İran mətbuat azadlığı üzrə beynəlxalq reytinqlərdə daim son sıralarda yer alır. “Sərhədsiz Reportyorlar” (RSF) təşkilatı son illik hesabatında İranı “mətbuat azadlığı baxımından dünyanın ən repressiv ölkələrindən biri” adlandırıb.

RSF-nin məlumatına görə, hazırda İranda 21 jurnalist həbsdədir.