Kiyevə hücumlarda azı 13 nəfər ölüb

Ukraynanın baş naziri Yuliya Sviridenko (ortada), daxili işlər naziri İqor Klimenko (sağda) Kiyevdə dağıdılmış çoxmərtəbəli binanın yaxınlığında

İyulun 31-də Rusiya Müdafiə Nazirliyi (MN) Ukraynanın Donetsk regionunda Çasov Yar şəhərinin ələ keçirildiyini bildirib.

Ukrayna hökuməti və Silahlı Qüvvələrin Baş Qərargahı Rusiyanın bu bəyanatını, hələlik, rəsmi şərh etməyib.

AzadlıqRadiosu bu iddianı müstəqil şəkildə təsdiqləyə bilmir.

Ukraynanın Baş Qərargahı isə iyulun 31-i səhər saatlarında Rusiya qüvvələrinin Çasov Yar yaxınlığındakı məntəqələrə hücum etdiyi barədə məlumat yayıb.

Ukraynalı hərbçinin idarə etdiyi "Baxmutskı Demon" Teleqram kanalındakı paylaşımda bildirilib: "Heç bir yaxşı xəbər yoxdur. Amma Çasikin (Çasov Yar) bir hissəsi hələ də bizimdir".

Ukraynanın OSINT layihəsinin "Deep State"in xəritəsinə əsasən, şəhərin qərb və cənub-qərb rayonları boz zonada qalır, yəni hələ Rusiya ordusunun nəzarəti altında deyil.

İlk dəfə deyil ki, Rusiya tərəfi Ukraynanın hansısa şəhərinin ələ keçirildiyini elan edir, əslində isə orada döyüşlər davam edir və bu vəziyyət həftələrlə davam edə bilər. Baxmut və Uqledar tutulanda da belə olub.

Ukrayna hərbçiləri daha əvvəl etiraf ediblər ki, əgər Rusiya ordusu Çasov Yara tam nəzarətə etsə, onlar regionda strateji əhəmiyyətli yüksəklik əldə edəcəklər. Oradan isə Konstanti­novka, Kramatorsk və Slavyanska doğru hücuma başlaya bilərlər.

Kiyevə zərbələr endirilib, azı 8 nəfər ölüb

İyulun 30-dan 31-nə keçən gecə Rusiya qoşunları Kiyevə raket və dron zərbələri endirib. Bu hücumlarda azı 13 nəfər həlak olub, onlardan biri 6 yaşlı uşaqdır. 100-ə yaxın yaralı var.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun məlumatına görə, şəhərin Svyatoşin rayonunda doqquzmərtəbəli yaşayış binasının bir girişi tamamilə dağılıb. O, dağıntılar altında qalan insanların çıxarılması üçün fövqəladə hallar xidmətinin əməkdaşlarının işlədiyini qeyd edib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Kiyevə zərbələrdən 8 nəfər həlak olub

Tkaçenko deyib ki, ümumilikdə Kiyevin 27-dən çox nöqtəsində zərbələrin nəticələri qeydə alınıb. Svyatoşin rayonundan əlavə, Solomensk, Şevçenko və Qolosiev rayonlarına da ziyan dəyib.

Zərbələr nəticəsində ümumilikdə 52 nəfər yaralanıb, onlardan təxminən 30-u xəstəxanalara yerləşdirilib.

"Yaralılar arasında doqquz uşaq var. Təəssüf ki, bu rəqəmin artacağı gözlənilir", - deyə Timur Tkaçenko bildirib.