Keçid linkləri

2025, 02 Avqust, şənbə, Bakı vaxtı 01:02

Almaniya məhkəməsində 'Azərbaycan işi' üzrə hökm: 9 aylıq şərti cəza, 110 min avro qaytarılmalıdır


Eduard Lintner
Eduard Lintner

Avropa Şurası və Almaniya Bundestaqında Azərbaycanla bağlı korrupsiya işi üzrə hökm çıxarılıb. Avropa Şurası Parlament Assambleyasının Almaniyadan olan üzvü Frank Şvabe bunu “həm qorxunc, həm də ümidverici” adlandırıb.

“Bu onu göstərir ki, siyasi korrupsiya Almaniyada təqib olunur və cəzalandırılır. Aydın görünür ki, Eduard Lintner Azərbaycanın maliyyələşdirdiyi deputatların təsir və korrupsiya sistemini qurub. O, artıq buna görə cəzalandırılıb”, – almaniyalı deputat sosial media hesabında yazıb.

Münhen prokurorluğu Bundestaqın iki keçmiş deputatına qarşı korrupsiya ittihamlarını 2024-cü ilin yanvarında irəli sürüb. Onların Avropa Şurasında “Azərbaycan qalmaqalı” kimi tanınan işin əsas fiqurları sayıldığı bildirilirdi.

Bavariya paytaxtının prokurorluğu Xristian-Sosial İttifaqından (CSU) Eduard Lintneri və Xristian-Demokrat İttifaqından (CDU) Aksel Fişeri “mandat sahiblərinin pulla ələ alınması”nda ittiham edib.

Eduard Lintner 9 ay şərti azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib. “Die Zeit” nəşri yazır ki, Münhen məhkəməsi Baş Prokurorluğun Lintnerin seçilmiş vəzifəli şəxslərə rüşvət verməsində günahkar olmasına dair arqumentlərini təsdiqləyib. Müdafiə tərəfi bəraət almağa çalışsa da, buna nail olmayıb.

Bundestağın sabiq CDU üzvü, AŞPA-da Almaniya nümayəndə heyətinin rəhbəri və Avropa Xalq Partiyası fraksiyasının sədri Aksel Fişer barəsindəki məhkəmə işinin ayrıca icraata ayrıldığı bildirilir.

Məhkəmə vəfat etmiş deputat Karin Strenzin Azərbaycandan ən azı 111 min avro məbləğində vəsait alması qənaətinə gəlib, bu pulu onun həyat yoldaşı ödəməlidir.

F.Şvabenin yazdığına görə, hökm göstərir ki, Azərbaycan tərəfindən deputatlara sistemli şəkildə rüşvət verilib, korrupsiya geniş şəkildə planlaşdırılaraq təşkil olunub.

Beynəlxalq jurnalistlərin (OCCRP) 2017-ci ildə yaydığı araşdırmada 2,9 milyard dolların Azərbaycandan qanunsuz yolla çıxarılaraq Avropa rəsmilərinə rüşvət vermək üçün istifadə olunduğu iddia edilib. Bu araşdırma “Azerbaijani Laundromat” (“pulyuyan maşın”) adıyla tanınıb.

Azərbaycan rəsmiləri OCCRP-nin araşdırmasını qərəzli və əsassız sayıblar. Hakimiyyəti təmsil edən şəxslərin fikrincə, bu araşdırma erməni lobbisinin və Azərbaycanı sevməyən, onun uğurlarını qısqanan qüvvələrin sifarişi ilə hazırlanıb.

Həmin araşdırma Lintnerin bu sxem çərçivəsində 1,1 milyon dollar aldığını üzə çıxarmışdı. Lintnerin izahı belə olmuşdu ki, o, pulları Azərbaycan-Almaniya münasibətlərini inkişaf etdirən cəmiyyət üçün alırdı.

XS
SM
MD
LG