Vəkillər Kollegiyası İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərlinin həbsinə görə bu qurumun sədrini ittiham etməsini "yersiz və əsassız" adlandırıb.
F.Cəfərliyə iyulun 29-da Binəqədi Rayon Məhkəməsində hökm oxunub, ona 4 ay həbs cəzası kəsilib.
Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü Elvin Əliyevin şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsiylə təqsirli bilinən hüquq müdafiəçisi hökm oxunarkən elə məhkəmə zalında həbs edilib.
Hökmdən öncə xüsusi ittihamçı E.Əliyev ona CM-in 147.1 maddəsində nəzərdə tutulan ən ağır cəzanın verilməsini (6 ay azadlıqdan məhrumetmə) istəyib.
F.Cəfərli isə çıxışında deyib ki, ona qarşı baş verənlər sifarişin nəticəsidir: “Arxasında dayanan da Vəkillər Kollegiyasının sədri Anar Bağırovdur”.
Rəhbərlik etdiyi İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin insan haqlarının müdafiəsi, korrupsiya hallarının ifşası ilə məşğul olduğunu deyən F.Cəfərli yada salıb ki, Vəkillər Kollegiyasında olan çatışmazlıqları da ictimailəşdiriblər: “Toplanan pullar hara gedir, bunu sorğulamağımız Anar Bağırovun xoşuna gəlməyib, özlüyündə Elvin Əliyev kimiləri irəli verməklə məndən qisas alır”.
"Vəkillər Kollegiyası işini şəffaf qurur"
"Vəkillər Kollegiyası işini şəffaf qurur və qanuna uyğun olaraq öz üzvləri qarşısında hesabatlılıq qaydalarına tam əməl edir. Bu məsələ ilə bağlı hər-hansı sual doğuran məqam mövcud deyil". Bunu AzadlıqRadiosuna açıqlamasında kollegiyanın mətbuat katibi İsmayıl Nəsibli bildirib.
Onun sözlərinə görə, qurumun fəaliyyəti müstəqil audit tərəfindən yoxlanılır və üzvləri üçün açıqdır:
"Vəkillər Kollegiyası içtimai birlik və yaxud publik hüquqi şəxs deyil ki, vəkil olmayan şəxslər ondan hesabat istəsin. Bu səbəbdən vəkil olmayan şəxslərə heç bir hesabat Kollegiya tərəfindən verilmir", - deyə İ.Nəsibli bildirib.
Mətbuat katibi ölkədə 2 min 700-dən çox vəkilin olduğunu vurğulayır, onların başqa şəxslərlə mübahisələrini Vəkillər Kollegiyası rəhbərliyinə bağlamağı "yersiz və əsassız" sayır.
"Buna görə adamı həbs eləmək absurddur"
Məhkəmə çəkişməsinin səbəbi isə hazırda həbsdə olan Elvin Allahverdiyevin keçmiş vəkili E.Əliyevdən şikayətinin İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin Facebook səhifəsində yayılmasıdır.
“Vəkil qardaşımdan 10 min 500 manat pul alıb və deyib ki, bunun müqabilində məhkəmənin mənə 1 il 6 ay cəza verməsini təmin edəcək. Qardaşımdan 10 min 500 manat alsa da, vergidən yayınmaq üçün müqavilədə çox az məbləğ göstərib”, - E.Allahverdiyev şikayətində yazıb.
Onun sözlərinə görə, verilən sözə əməl olunmayıb, bu üzdən pul geri istəniləndə vəkil onları hədələyib.
F.Cəfərlinin yaxınları AzadlıqRadiosuna bildiriblər ki, hökmü qanunsuz, əsassız və sifarişli hesab edirlər. Hökmdən apellyasiya şikayəti veriləcək:
“Azərbaycanda normal məhkəmə sistemi olsaydı, əlbəttə, bugünkü hökm çıxarılmazdı. Dövlət adından belə hökm çıxarmaq dövlətin adını ləkələməkdir. Məhbusun prezidentə şikayətini jurnalist paylaşıb, təşkilat da ona istinadən yayıb. Buna görə adamı həbs eləmək absurddur”.
Hazırda Azərbaycanda bir çox hüquq müdafiəçisi müxtəlif ittihamlarla həbs həyatı yaşayır. Onlar həbslərini siyasi sayırlar. Hərçənd rəsmilər ölkədə siyasi həbslərin olmasını qəbul etmirlər.