Keçid linkləri

2025, 02 Avqust, şənbə, Bakı vaxtı 10:53

İran hökuməti tənqidçilərin SIM kartlarını hədəf alır


Tehran
Tehran

İran hakimiyyəti vətəndaşların mobil xidmətlərini kəsərək onları sosial şəbəkələrdə ölkədəki sistemi tənqid edən məzmun paylaşdıqlarına görə cəzalandırır.

2024-cü ilin yayında daha da intensivləşən bu praktika yenidən artmaqdadır. Sözügedən taktika ölkədəki jurnalistləri, fəalları, akademikləri və adi istifadəçiləri hədəf alır. İnsanlar X və Instagram kimi platformalarda hökumət siyasətini və ya hərəkətlərini tənqid edən paylaşımlar etdikdən sonra qəfil SIM kartlarının deaktiv olunduğunu bildirirlər.

İstifadəçilər deyirlər ki, xidmətin bərpasından ötrü tez-tez tənqidi paylaşımı silmək, gələcək tənqidlər etməmək haqda yazılı vədlər imzalamaq və bəzi hallarda İran İslam Respublikasına dəstək verən paylaşımlar etmək tələb olunur.

Tehranın Şəhid Beheşti Universitetinin konstitusiya hüququ professoru Əli Əkbər Qorji İranın İsraillə gərginliyini şərh etdikdən sonra SİM kartı deaktiv edilənlərdən biridir.

O, "Şərq" qəzetinə bildirib ki, hakimiyyət orqanları SIM kartına çıxışı onun tənqidi paylaşımlarını silməsi və İslam Respublikasını dəstəkləyən məzmun paylaşması şərtilə bərpa edib. AzadlıqRadiosunun "Radio Fərda" xidməti isə öyrənib ki, professora konkret olaraq dövləti dəstəkləyən 20-yə qədər paylaşım etməsi tapşırılıb.

Digər oxşar təcrübələr də var.

Öncə SMS göndərilir

Hədəf alınan şəxslərə göndərilən SMS mesajında deyilir ki, onların "qərəzli və düşmən fəaliyyətlərini" "süni intellekt" müəyyən edib və bu səbəbdən SIM kartlarına və ya internet xidmətlərinə çıxışları "məhdudlaşdırılır və ya dayandırılır". Mesajda daha sonra çıxışın bərpası üçün atılmalı olan bir sıra addımlar sadalanır.

Bir neçə jurnalist və fəal "Radio Fərda"ya bildiriblər ki, onları dövlət orqanları çağıraraq mobil rabitə xidmətlərinə yenidən çıxış əldə etmələri üçün müxtəlif şərtləri yerinə yetirməyi tapşırıblar.

Bu tələblər sırasında istifadəçinin "ölkənin psixoloji, sosial və ya siyasi təhlükəsizliyinə xələl gətirəcək fəaliyyətlərlə məşğul olmayacağı, fikir bildirməyəcəyi və ya şərhlər yazmayacağına" dair vədlərin imzalanması var. İstifadəçilər həmçinin qəbul etməlidirlər ki, bu vədlərin pozulması yeni məhdudiyyətlər və ya mühakimə ilə nəticələnə bilər.

Tənqidi paylaşımları sildirirlər

Bir akademik bildirib ki, onları 2022-ci ildə baş vermiş ölkə miqyaslı etirazlara aid paylaşımlarını silməyə məcbur ediblər. Həmin etirazlar "Qadın, Həyat, Azadlıq" hərəkatının yaranmasına səbəb olmuş və İrandakı dini rejimin legitimliyini sual altına almışdı.

X platformasında Fuad Əhmədi adlı bir istifadəçi bildirib ki, guya İsraili dəstəklədiyinə görə SIM kartına çıxışı dayandırılıb. Lakin məsələ təkcə telekommunikasiya ilə bitməyib, o, həmçinin onlayn bank hesabına daxil ola, taksi çağırma tətbiqlərindən yararlana bilmədiyini qeyd edib.

'Qadağalara rəğmən film çəkəcəm' - Məşhur azərbaycanəsilli rejissor
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

Jurnalist Sədəf Fatəmi də oxşar bloklanma ilə üzləşib və nəticədə tənqidi paylaşımlarını silmək məcburiyyətində qalıb. Bu hallar daha geniş bir tendensiyanın tərkib hissəsidir və məhkəmə orqanlarının, Kiber Polis İdarəsinin (FATA) və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) göstərişlərinə əsaslanır.

Hüquq ekspertləri, hüquqşünaslar Musa BəzinHadi Cəfərpur da daxil bildirirlər ki, bu cür addımlar nə İran qanunvericiliyinə, nə də beynəlxalq insan hüquqları standartlarına uyğundur. Çünki bu tədbirlər hüquqi prosedurlar olmadan gerçəkləşir və qeyri-müəyyən hüquqi müddəalara əsaslanır. Bu taktika, 2022-ci il etirazlarından sonra dövlətin genişmiqyaslı repressiya siyasətinin davamı kimi qiymətləndirilir.

Bu, təkcə müxalif fikirlərə qarşı təzyiq deyil, bankçılıq və kommunikasiya vasitələri kimi vacib xidmətlərə çıxışı pozur. Bu, həmçinin rəqəmsal hüquqlar, söz azadlığı və hesab təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar doğurur.

İran müntəzəm olaraq vətəndaş azadlıqları və ifadə azadlığı ilə bağlı qlobal indekslərdə aşağı sıralarda yer alır. "Freedom House" təşkilatı son illik hesabatında İranda ifadə azadlığını əngələyən əsas səbəblər sırasında "ifadə azadlığına qeyri-müəyyən məhdudiyyətlər, sərt cinayət cəzaları və dövlətin onlayn ünsiyyətə nəzarəti"ni qeyd edib. Bu amillər iranlıların sərbəst və açıq fikir mübadiləsində iştirakına ciddi maneələr yaradır.

Yazını AzadlıqRadiosunun "Radio Fərda" xidmətinin müxbiri Fərəşte Qazi hazırlayıb.

XS
SM
MD
LG