Keçid linkləri

2025, 02 Avqust, şənbə, Bakı vaxtı 02:39

Senator AzadlıqRadiosunun jurnalistinə azadlıq tələb edir


Fərid Mehralızadə
Fərid Mehralızadə

ABŞ senatoru Cinn Şehin (Jeanne Shaheen) AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadəyə azadlıq tələb edib. Senator bu çağırışı X hesabındakı paylaşımında edib.

"Bu gün mən diqqəti @RFERL və @AzadliqRadiosu jurnalisti Fərid Mehrəlizadəyə yönəltmək istəyirəm. O, Azərbaycan hökumətinin iqtisadiyyat və enerji siyasəti ilə bağlı reportajlarına görə haqsız yerə həbsdə saxlanılır", – deyə senator yazıb.

"O azad edilməlidir. Jurnalistika cinayət deyil", – C.Şehin əlavə edib.

O, iyunun 11-də X platformasında yazıb ki, hər həftə, ABŞ-nin dəstəklədiyi müstəqil media orqanlarında çalışan və repressiv mühitlərdə həqiqəti işıqlandırdıqları üçün həbs olunan jurnalistlərə diqqət çəkəcək. C.Şehin senatdakı həmkarlarını və ABŞ Dövlət Departamentini söz azadlığının olmadığı ölkələrdə həqiqət naminə mövqe tutmağa çağırıb.

Senator iyunun 20-də F.Mehralızadənin 9 il həbsə məhkum edilməsini “ədalətin parodiyası” adlandırmış, ABŞ Dövlət Departamentini Bakıda hakimiyyət orqanlarına jurnalistikanın cinayət olmadığını açıq şəkildə bildirməyə çağırmışdı.

"AbzasMedia" ilə bağlı cinayət işi üzrə həbsdəki 7 jurnalistə iyunun 20-də hökm oxunub. Nəşrin təsisçisi Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə, "Turan" İnformasiya Agentliyinin redaktoru Hafiz Babalının hər biri 9 il, jurnalistlər Nərgiz Absalamova Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Jurnalistlər valyuta qaçaqmalçılığı, qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma, vergidən yayınma və s. əməllərdə suçlanır. Onlar ittihamları rədd edir, peşəkar jurnalist fəaliyyətlərinə, korrupsiya cinayətlərini ifşa edən araşdırmalarına görə cəzalandırıldıqlarını deyirlər.

Yerli və beynəlxalq insan haqları təşkilatları bu hökmləri qınayıb, onları Azərbaycanda tənqidi səslərin susdurulması üçün repressiya kimi qiymətləndirib.

Hazırda ölkədə azı 30 jurnalist, ictimai fəal oxşar ittihamlarla həbsdədir. Hakimiyyət onların və siyasi məhbus sayılan digər şəxslərin haqsız həbsiylə bağlı beynəlxalq tənqidləri qəbul etmir, konkret cinayətlərə görə mühakimə olunduqlarını deyir. Beynəlxalq qurumlar isə hökuməti haqsız tutulanları azad etməyə çağırıb.

XS
SM
MD
LG