Keçid linkləri

2025, 02 Avqust, şənbə, Bakı vaxtı 02:37

Daha bir G7 ölkəsi Fələstini tanıyacağını deyir


Mark Karni
Mark Karni

Fransa və Böyük Britaniyadan sonra daha bir G7 ölkəsi - Kanada da Fələstini tanımaq planını açıqlayıb.

Kanadanın baş naziri Mark Karni iyulun 30-da jurnalistlərə bildirib ki, ölkəsi sentyabrda keçiriləcək BMT-nin toplantısında Fələstin Dövlətini tanımağı planlaşdırır. Bu açıqlama Qəzzada aclıqla əlaqədar İsrailə qarşı artan beynəlxalq təzyiqlər fonunda gəlib.

Fransa prezidenti Emmanuel Makron ötən həftə Fələstin dövlətini tanıyacağını bildirib, iyulun 29-da isə Böyük Britaniya İsrailin Qəzzada döyüşləri dayandırmayacağı təqdirdə sentyabrda BMT -nin iclasında bu dövləti tanıyacağını bəyan edib.

Kanadanın hökumət başçısı bildirib ki, Qəzzada insanların aclıq çəkməsi də daxil olmaqla oradakı reallıqlar "Fələstin dövlətinin perspektivinin gözümüzün qarşısında əriyib getməsi" deməkdir.

"Qəzzada insan əzabının səviyyəsi dözülməzdir və vəziyyət sürətlə pisləşir. Kanada İsrail hökumətinin Qəzzada bir fəlakətin baş verməsinə imkan verməsini qəti şəkildə pisləyir", - baş nazir vurğulayıb.

Karninin sözlərinə görə, planlaşdırılan tanınma qismən də Fələstini BMT-də təmsil edən Fələstin administrasiyasının verdiyi təminatlara əsaslanır. Bu təminatlara görə, qurum idarəetmədə islahatlar aparır və 2026-cı ildə ümumi seçkilər keçirməyə hazırdır. Həmin seçkilərdə HƏMAS "heç bir şəkildə iştirak edə bilməz".


Fələstin administrasiyası İordan çayının qərb sahilinin bir hissəsinə Fəth partiyası vasitəsilə, Mahmud Abbasın rəhbərliyi altında nəzarət edir, Qəzza zolağını isə HƏMAS idarə edir. Hər iki ərazidə 2006-cı ildən bəri heç bir seçki keçirilməyib.

İsrail və onun ən yaxın müttəfiqi olan ABŞ Kanada baş nazirinin açıqlamalarını rədd ediblər.

İsrail Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bildirib: "Kanada hökumətinin bu vaxtda mövqeyini dəyişməsi HƏMAS-a verilən bir mükafatdır və Qəzzada atəşkəsə nail olunması və girovların azad edilməsinə dair çərçivə razılaşmasının əldə olunması səylərinə zərər vurur".

İsrailin baş naziri Benyamin Netanyahu da Fransa və Britaniyanın bəyanatlarından sonra oxşar fikirlər səsləndirib.

Adının açıqlanmaması şərti ilə "Reuters"ə danışan Ağ Ev rəsmisi isə deyib ki, prezident Donald Tramp da Fələstinin tanınmasını "HƏMAS-ın haqsız şəkildə mükafatlandırılması" kimi qiymətləndirir.

Əgər Fransa və Britaniya sentyabrda Fələstin dövlətçiliyini rəsmi olaraq tanısalar, ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında bunu etməyən yeganə ölkə olacaq.

Uitkoff Netanyahu ilə görüşüb

İsrailə səfər edən ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff iyulun 31-də bu ölkənin baş naziri Benyamin Netanyahu ilə görüşüb. İsrail baş nazirinin ofisi görüşlə bağlı görüntüləri yayımlayıb.
Görüşün gündəliyində Qəzzada atəşkəs danışıqları və bölgədəki humanitar vəziyyətin olduğu bildirilir.

Uitkoffun İsrailə gəlişindən qısa müddət sonra prezident Donald Tramp özünün "Truth Sosial" şəbəkəsində yazıb: "Qəzzada humanitar böhrana son qoymağın ən sürətli yolu HƏMAS-ın təslim olması və girovları azad etməsidir!!"

Ötən həftə Qətərin paytaxtı Dohada İsrail və HƏMAS arasında aparılan dolayı atəşkəs danışıqlarında nəticə əldə olunmayıb. Tərəflər danışıqlardakı durğunluğa görə bir-birini ittiham ediblər.

Xüsusi nümayəndə Uitkoffun İsrailə səfəri bu ölkəyə qarşı beynəlxalq təzyiqlərin artdığı dövrə təsadüf edir. İsrail Qəzzadakı genişmiqyaslı dağıntılar və əraziyə humanitar yardımın məhdudlaşdırılmasına görə tənqid olunur.

İsrailin ictimai yayımçısı "Kan" məlumat yayıb ki, Uitkoffun Qəzzada yardım paylama məntəqəsinə də baş çəkəcəyini gözlənilir.

İsrailə Avropada da təzyiqlər artır

Almaniyanın xarici işlər naziri Yohann Vadeful İsrail və Fələstin torpaqlarına səfəri öncəsi iyulun 31-də yaydığı bəyanatında bildirib ki, İsrail beynəlxalq arenada getdikcə azlıq mövqeyində qalır.

"Avropa dövlətləri də daxil olmaqla getdikcə daha çox ölkə ilkin danışıqlar prosesi olmadan belə Fələstin dövlətini tanımağa hazırdır", - deyə Vadeful bildirib.

İsveç isə Avropa İttifaqının İsraillə assosiasiya sazişinin ticarət hissəsinin dayandırılmasına çağırış edib.

"Qəzzadakı vəziyyət tamamilə acınacaqlıdır və İsrail humanitar yardımla bağlı fundamental öhdəliklərini və üzərinə götürdüyü razılaşdırılmış öhdəlikləri yerinə yetirmir", - deyə İsveçin baş naziri Ulf Kristersson X platformasında bildirib.

Qəzzada aclıq xəbərdarlığı. 'Ölmüşük, heç kəsin vecinə deyil'
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

"Bu səbəbdən İsveç tələb edir ki, Aİ İsraillə assosiasiya sazişinin ticarət hissəsini mümkün qədər tez dondursun. İsrailə qarşı iqtisadi təzyiq artırılmalıdır. İsrail hökuməti Qəzzaya məhdudiyyətsiz humanitar yardımın girişinə imkan verməlidir", - Kristersson əlavə edib.

İyulun 30-da Niderland da Aİ-yə eyni çağırışı edib. Xarici işlər naziri Kaspar Veldkamp ölkə parlamentinə ünvanladığı məktubunda bildirib ki, İsrail beynəlxalq humanitar hüquqa əməl etməsə, onun ölkəsi Aİ qarşısında İsraillə ticarətin dayandırılmasını müdafiə edəcək.

2023-cü ilin oktyabrın 7-də HƏMAS İsrailin cənubuna hücum edib. Həmin hücum nəticəsində təxminən 1200 nəfər həlak olub, 251 nəfər isə girov götürülüb. Bu hücuma cavab olaraq İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. O vaxtdan bəri Qəzzada 60 mindən çox insan öldürüldüyü bildirilir, amma bunun neçəsinin döyüşçü olduğu bəlli deyil. HƏMAS-ın nəzarətində olan ərazinin səhiyyə nazirliyinin məlumatına görə, indiyədək 154 nəfər, o cümlədən 89 uşaq aclıqdan həyatını itirib.

XS
SM
MD
LG