Keçid linkləri

2025, 02 Avqust, şənbə, Bakı vaxtı 02:34

Putin: 'Bütün məyusluqlar aşırı gözləntilərdən yaranır'


Vladimir Putin Kareliya Respublikasındakı Valaam monastrına baş çəkib
Vladimir Putin Kareliya Respublikasındakı Valaam monastrına baş çəkib

Belarus prezidenti Aleksandr Lukaşenko ilə birgə Valaamda jurnalistlərin suallarını cavablandıran Rusiya prezidenti Vladimir Putin deyib ki, "bütün məyusluqlar aşırı gözləntilərdən yaranır". Bununla o, dəfələrlə Putindən məyus olduğunu bildirən və iyulun 29-da Ukraynada atəşkəs üçün Rusiyaya verilən müddəti 50 gündən 10 günə endirən ABŞ prezidenti Donald Trampı nəzərdə tutub.

"Kiminsə hər hansı məyusluğuna gəlincə, bütün məyusluqlar aşırı gözləntilərdən yaranır. Bu, bəlli ümumi qaydadır. Amma məsələnin sülh yolu ilə həllinə yaxınlaşmaq üçün geniş və detallı danışıqlar aparmaq lazımdır. Və bunu ictimaiyyət qarşısında yox, sakit şəkildə, danışıqlar prosesinin səssizliyində etmək lazımdır", - deyə Putin bildirib.

Onun sözlərinə görə, məhz bu məqsədlə Rusiya tərəfi onlayn şəkildə işləyə biləcək üç danışıqlar qrupu yaratmağı təklif edib. "Biz razılaşdıq ki, belə danışıqları kameralar olmadan, siyasi səs-küydən uzaq, sakit şəkildə apara kompromislər axtara bilərik. Onlar hələ işə başlamayıb, iş hələ başlamayıb", - deyən Putin əlavə edib ki, Rusiya hökumətinə "belə gəlir ki, ümumilikdə Ukrayna tərəfinin ilk reaksiyası müsbət olub".

Cəbhədəki vəziyyətlə bağlı sualı cavablandıran Rusiya dövlət başçısı deyib ki, rus qoşunları "bütün döyüş təmas xətti boyunca irəliləyir".

Rusiya prezidenti həmçinin Müdafiə Nazirliyinin Ukraynanın Donetsk vilayətinin Çasov Yar şəhərinin ələ keçirilməsi barədə məlumatına da münasibət bildirib: "Biz eşitmişik ki, bu həqiqətə uyğun deyil - mən sizə zəmanət verirəm ki, bu tamamilə həqiqətə uyğundur".

Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl Rusiya Müdafiə Nazirliyinin şəhərin (Çasov Yar) ələ keçirilməsi barədə məlumatını dezinformasiya adlandırıb. Cəbhə xəttindəki dəyişiklikləri izləyən açıq mənbə "DeepState"in xəritəsində şəhərin böyük bir hissəsi "boz zona" kimi göstərilib və burada tərəflərdən heç birinin davamlı nəzarəti yoxdur. Şəhərin bir hissəsi isə Rusiyanın nəzarətindədir.

+++

Ukraynanın müdafiə naziri Denis Şmiqal Almaniyanın onun ölkəsinə "Patriot" sistemləri tədarük edəcəyini bildirib.

Bu barədə o, X platformasındakı paylaşımında məlumat verib: "Tərəfdaşlarımızdan əla xəbər: Almaniya Ukraynaya əlavə iki "Patriot" sistemi tədarük edəcək.

Önümüzdəki günlərdə Almaniya Müdafiə Nazirliyi ilkin addım olaraq "Patriot" buraxılış sistemlərini çatdıracaq. İkinci mərhələdə - növbəti iki-üç ay ərzində sistemin əlavə komponentləri təhvil veriləcək".

Ukraynalı nazir ABŞ və Almaniyadan olan həmkarlarına təşəkkür edərək qeyd edib ki, Ukrayna üçün hava hücumundan əlavə müdafiə imkanları daha çox mülki ukraynalının həyatını xilas etmək deməkdir.

Bu arada Rusiyanın iyulun 31-də Kiyevə zərbələri nəticəsində ölənlərin sayı 31-ə yüksəlib, 159 nəfər yaralanıb. Həlak olanlardan beşi uşaqdır, yaralılar arasında da 16 uşaq var.

Tramp Rusiyaya yeni sanksiyalar vəd edir

ABŞ prezidenti Donald Tramp Rusiyanın Kiyevə son ölümcül hücumundan sonra yenidən Moskvaya qəzəb nümayiş etdirib. O, bu hərəkəti "iyrənc" adlandırıb və Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyinə söz verib.

Tramp iyulun 31-də Ağ Evdə jurnalistlərə deyib: "Hesab edirəm ki, Rusiyanın etdikləri iyrəncdir, çox üzücüdür. Çoxlu sayda rusiyalı da ölür".

Prezident Tramp bildirib ki, ABŞ Moskvaya yeni sanksiyalar tətbiq etməyi planlaşdırır, lakin bu haqda ətraflı məlumat verməyib. Bununla belə, Tramp rusiyalı həmkarını nəzərdə tutaraq əlavə edib: "Mən sanksiyaların onu narahat edib-etmədiyini bilmirəm".

Tramp qeyd edib ki, onun xüsusi nümayəndəsi Stiv Uitkoff İsrailə səfərindən sonra Moskvaya yollanacaq. Uitkoff hazırda İsraildə Qəzza ilə bağlı vəziyyəti israilli rəsmilərlə müzakirə edir. Tramp Moskvaya səfərin dəqiq cədvəlini açıqlamayıb.

"O, Rusiyaya gedir. İstəyir inanın, istəyir yox", – deyə Tramp jurnalistlərə bildirib.

Bu açıqlamalar Ukrayna prezidenti Volodimir Zelenskinin Kreml rejiminin dəyişdirilməsi çağırışından bir neçə saat sonra səslənib. Zelenski bunun Rusiyanın gələcəkdə regionu "təhdid etməsi və qeyri-sabitlik yaratması"nın qarşısını almağın yeganə yolu olduğunu deyib.

Zelenski iyulun 31-də "Soyuq Müharibə" dövrünə aid Helsinki Yekun Aktının imzalanmasının 50 illiyi münasibətilə tədbirə onlayn formatda qatılaraq bildirib ki, Qərb müttəfiqlərinin Rusiyanı Ukraynadakı müharibəni dayandırmağa "məcbur etməsi" hələ də mümkündür.

"Ancaq əgər dünya Rusiyada rejimin dəyişdirilməsini hədəfləmirsə, bu o deməkdir ki, müharibə bitsə belə, Moskva qonşu ölkələrdə qeyri-sabitlik yaratmağa davam edəcək", – deyə Zelenski vurğulayıb.

"Bu gün biz dəqiq bilirik ki, Avropaya sülhü qaytarmaq, Rusiyanı sülhə məcbur etmək, bu müharibəni bitirmək üçün nə lazımdır", – deyə o, daha sonra gecə videomüraciətində bildirib.

Prezident Zelenski əlavə edib ki, "Rusiya ilə bağlı yeni sanksiyalar olacaq və Ukraynaya dəstək üçün yeni, güclü addımlar atılacaq".

8 avqust son tarixdir

BMT-də ABŞ-nin yüksək səviyyəli diplomatı Con Kelli iyulun 31-də Təhlükəsizlik Şurasında çıxışı zamanı bildirib ki, prezident Tramp Ukraynada atəşkəs razılaşmasının əldə olunması üçün elan etdiyi 8 avqust tarixində israrlıdır.

"Həm Rusiya, həm də Ukrayna atəşkəs və davamlı sülh barədə danışıqlar aparmalıdır. Artıq razılaşma vaxtıdır. Prezident Tramp aydın şəkildə bildirib ki, bu, 8 avqusta qədər baş verməlidir", – deyə Kelli vurğulayıb.

ABŞ dövlət katibi Marko Rubio isə bildirib ki, altı ay çəkən diplomatik səylərdən sonra, prezident Tramp yaxın vaxtlarda sülh təşəbbüslərini nə qədər fəal davam etdirəcəyinə qərar vermək məcburiyyətində qalacaq.

Rubio qeyd edib ki, ABŞ və Rusiya rəsmiləri Kremlin Ukraynada apardığı müharibə ilə bağlı qapalı danışıqlar aparsalar da, Vaşinqton indiyə qədər bu danışıqlarda "heç bir irəliləyiş" görməyib.

Tramp isə Rusiya prezidenti Vladimir Putinin hərəkətlərindən "çox məyus olduğunu" bildirərək, atəşkəsin əldə olunması ilə bağlı Rusiyaya verdiyi 50 günlük möhləti "10–12 günə" endirdiyini açıqlayıb.

Tramp bəyan edib ki, əgər Rusiya atəşkəs razılaşmasını qəbul etməzsə, ABŞ yeni tariflər tətbiq edəcək. Zelenski isə belə bir atəşkəsi qəbul etməyə hazır olduğunu deyib və Putinə birbaşa görüş təklif edib. Kremlin bu təklifi rədd etdiyi bildirilir.

Putinin mətbuat katibi Dmitri Peskov Trampın açıqlamasına qısa cavab verərək, Kremlin bu açıqlamaları "qeydə aldığını" bildirib, lakin əlavə şərh verməyib.

Kiyevə zərbədə ölənlərin sayı 26-ya çatıb

Atəşkəslə bağlı irəliləyiş olmadığı bir vaxtda, Rusiyanın zərbələri nəticəsində Ukraynada mülki əhali arasında ölümlər davam edir.

İyulun 30-dan 31-nə keçən gecə Rusiyanın Kiyevə raket və dronlarla hücumu nəticəsində azı 26 nəfər, o cümlədən üç uşaq həlak olub, 150 nəfər yaralanıb.

Kiyevə zərbələrdən 8 nəfər həlak olub
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

"Yaşayış binaları, məktəblər, uşaq bağçaları, tibb müəssisələri və universitet. Bu, rusların hücum etdiyi yerlərdir", - şəhərin hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.

"Təəssüf ki, Rusiyanın yaşayış binalarına hücumu nəticəsində ölənlərin sayı artmaqda davam edir", - Ukrayna Daxili İşlər Nazirliyinin bəyanatında deyilib.

İlkin olaraq ölənlərin sayının 16 olduğu bildirilsə də, sonra hakimiyyət orqanları avqustun 1-də xilasedicilərin yaşayış binasının dağıntıları altından daha 10 cəsədi çıxardığını bildirib.

Ukraynanın baş naziri Yuliya Sviridenko deyib: "Bu, Putinin Trampın verdiyi müddətə cavabıdır. Dünya tribunal və maksimum təzyiqlə cavab verməlidir".

"Dağıntılar altından çıxarılan insanları öz gözlərimlə gördüm. Valideynlərin bu dağıntılar altından övladlarını, insnalrın öz doğmalarını axtardığını görmək ürək ağrıdır”, - Sviridenko Kiyevdə hücum yerinə baş çəkdikdən sonra deyib.

Ukraynanın xarici işlər naziri Andriy Sibiha bunu "Kiyevdə dəhşətli səhər" adlandırıb. Onun sözlərinə görə, Ukrayna "Rusiya terrorunun son eskalasiyasına" cavab olaraq BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. O, görüşün avqustun 1-nə planlaşdırıldığını bildirib.

Bu arada Rusiya qüvvələri 16 ay davam edən qanlı mübarizədən sonra Ukraynanın şərqində strateji əhəmiyyətə malik Çasiv Yar şəhərini ələ keçirdiyini iddia edib.

Ukrayna hökuməti bu iddianı rədd edib. Bu iddiaları dərhal yoxlamaq mümkün deyil.

XS
SM
MD
LG