Rusiyada bir dövlət qurumu vətənpərvərliyi gücləndirmək və gəncləri test nəticələrinə uyğun olduqları rollara yönəltmək məqsədilə 10 min uşaq və yeniyetmə üzərində "neyroprofil" testləri apararaq liderləri və "anti-liderləri" müəyyənləşdirməyə çalışır.
Bu sizə "1984" romanını və ya distopik bir gələcəyi xatırlatsa da, realdır.
Rusiyanın Gənclərlə İş üzrə Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən "Rospatriottsentr"in (Rusiya Vətənpərvərlik Mərkəzi) başlatdığı və federal büdcə ilə maliyyələşdirilən bu profil çıxarma layihəsinin məqsədi "hərtərəfli inkişaf etmiş insanların tərbiyəsidir". Bu layihəni Rusiya dövlət satınalmalarının vebsaytındakı sənədlərə əsasən AzadlıqRadiosunun Rusiya xidmətinin araşdırma bölməsi "Sistema" incələyib.
Rusiyalı müstəqil pedaqoqlar bu proqramı tənqid ediblər. Onlardan biri "Sistema"ya bildirib ki, "manipulyasiya" məqsədilə "psevdo-elm"dən (yalançı elm) yararlanan bu layihə kommunizmi və faşizmi xatırladır.
"Bu, hakimiyyətin insanları nəzarət altına almaq və onların qərarlarına təsir göstərmək üçün növbəti cəhdidir", -- deyə pedaqoq Dima Ziser bildirib.
Testlərdən keçən 12–18 yaş arası uşaqlar Rusiyanın bir neçə bölgəsindən seçilib. Proqram avqustadək davam edəcək və seçilmiş "müsbət profil"ə malik 50 iştirakçı sentyabrda Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Krım yarımadasındakı Sevastopol şəhərində beşgünlük seminarda iştirak edəcək.
Bildirilib ki, bu testlərlə təşkilatçılar "liderləri və/və ya anti-liderləri (dağıdıcı davranışa meyilli iştirakçıları)" müəyyən etməyə çalışacaqlar və "vətənpərvərlik ideyalarını gözdən salan" iştirakçılar dərhal tədbirdən uzaqlaşdırılacaqlar.
"Rospatriottsentr" Teleqram kanalında bildirib ki, proqramın məqsədi "təhsilə, peşə yönümünə və gənclərin vətənpərvər tərbiyəsinə yanaşmaların transformasiyasıdır".
"Neyroprofilinq" testlərinin satışı ilə məşğul olan və layihənin tərəfdaşı olan Rusiyanın "Persona" şirkətinin rəhbəri Vladimir Kozlov Teleqram vasitəsilə "Sistema"nın ona ünvanladığı sualları cavablandırmaqdan imtina edib.
"Rospatriottsentr" də şərh sorğusuna cavab verməyib.
Vətənpərvərliklə bağlı nəticələr
"Persona" layihə ilə bağlı təqdimatında bildirib ki, iştirakçılar haqqında nəticələr "vizual simvolların müxtəlif şüuraltı idrak qavrayışlarına" əsaslanır.
"Biz əminik ki, vətənpərvərlik ölkənin gələcəyində şəxsin öz rolunu dərk etməsidən başlayır", - Kozlov "Rospatriottsentr"in Teleqram kanalında yazıb. "Şirkətimizin neyroprofilləşdirmə texnologiyaları yeniyetmələrə bu rolu dəqiq, şüurlu və motivasiya ilə tapmağa kömək edir", - o əlavə edib.
Təhlükəsizlik səbəbindən adının gizli saxlanılması şərtilə "Sistema"ya danışan Moskvada yaşayan uşaq psixoloqu bildirib ki, etibarlılığı sübut olunmuş yüzlərlə neyroprofil çıxarma üsulu mövcuddur ki, bunlara sorğular və klassik Rorşax testi də daxildir.
"Bu testlər sizə bir insan haqqında çox şey deyə bilər: onun liderlik keyfiyyətlərinə malik olub-olmaması, nə qədər itaətkar olması, səmimi danışıb-danışmaması və s. Məsələ ondan necə və hansı məqsədlə istifadə olunmasıdır", - psixoloq bildirib.
Ziser bununla razılaşmayaraq, neyroprofilləşdirmənin yalançı elm olduğunu iddia edib. Onun sözlərinə görə, potensial liderləri müəyyən etmək və ya yeniyetmələri həyatda müəyyən bir peşə və ya yola yönəltmək səyləri "manipulyasiya"dır.
"Dövlət üçün 14 yaşında bir vətəndaşı bir təkanla irəli göndərmək və onun ömrünün sonuna qədər təklif olunan trayektoriya üzrə getməsini təmin etmək çox əlverişlidir.
Əslində isə təhsil sisteminin funksiyası müxtəlif istedadların ifadə oluna biləcəyinə əmin olmaqdır. Ancaq seçim (hansı trayektoriyanı izləmək) fərdin öz öhdəsinə buraxılmalıdır. Bu, tənqidi təfəkkürün əsasını təşkil edir", – Ziser bildirib.
1999-cu ildən bəri prezident və ya baş nazir olan Vladimir Putinin dövründə Kreml tənqidi düşüncəni inkişafında maraqlı olmadığını açıq şəkildə nümayiş etdirib. Putin 2012-ci ildə növbəti dəfə prezident olduqdan sonra müxalif fikirləri boğmaq və müstəqil səsləri susdurmaq yönündə səylərini gücləndirib. 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı işğalına başladıqdan sonra ölkədə təzyiqlər daha da artıb.
Hökumət Putinin ilk prezidentliyindən bəri uşaqlara vətənpərvərlik aşılamağa çalışır. Tənqidçilər deyirlər ki, o, gəncləri Kremlin geosiyasi narrativlərini qəbul etdirmək, Ukraynaya qarşı müharibəni dəstəkləmələri üçün tarix dərsliklərindən tutmuş militarist dərslərə qədər müxtəlif vasitələrdən yararlanıb.
Yazını AzadlıqRadiosunun Rusiya xidmətinin araşdırma bölməsi olan "Sistema"nın jurnalistləri Andrey Soşnikov və Svetlana Osipova hazırlayıblar.